Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın təşkilatçılığı ilə “Etibarlılıq” mövzusuna həsr olunmuş təlim keçirilib. Təlimin əsas məqsədi müasir sənaye və enerji sektorunda etibarlılıq mühəndisliyinin əhəmiyyəti barədə iştirakçıların məlumatlılığını artırmaq, bu sahədə qabaqcıl yanaşma və təcrübələri bölüşmək olub.
Təlimdə SOCAR Downstream şirkətinin etibarlılıq üzrə böyük mühəndisi Yadigar Nazarov iştirakçılarla etibarlılıq mühəndisliyinin əsas prinsipləri, tətbiq sahələri və sənaye müəssisələrində oynadığı strateji rol barədə geniş təqdimatla çıxış edib. O, çıxışında qeyd edib ki, etibarlılıq mühəndisliyi istehsalat proseslərinin dayanıqlılığının təmin olunmasında, avadanlıqların istismar müddətinin artırılmasında və ümumi əməliyyat xərclərinin azaldılmasında mühüm rol oynayır.
Sessiya zamanı potensial risklərin müəyyənləşdirilməsi və idarə olunması, həmçinin istehsalat səmərəliliyinin yüksəldilməsi istiqamətində tətbiq edilən müasir metod və alətlər ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb, praktiki nümunələr üzərindən izahlar verilib.
Qeyd edək ki, Yadigar Nazarov etibarlılıq mühəndisliyi sahəsində zəngin praktiki təcrübəyə malikdir. O, ACA, FMEA, RCM və RCA metodologiyalarını real sənaye layihələrində tətbiq edir və beynəlxalq standartlara uyğun peşəkar fəaliyyət göstərir.