Qadınların rəqəmsal mühitdə güclü brend formalaşdırması və sosial platformalardan strateji istifadə bacarıqlarını inkişaf etdirmək məqsədilə “FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim görüşü təşkil olunub.
Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində baş tutan təlim “Rəqəmsal marketinq və sosial media strategiyaları” mövzusuna həsr olunub.
Təlim rəqəmsal marketinq üzrə ekspert Kamran Nəbiyev tərəfindən təqdim edilib.
Sessiya zamanı kontent marketinqinin əsas prinsipləri, sosial platformaların effektiv istifadəsi, auditoriya davranışlarının təhlili, onlayn brend quruculuğu və rəqəmsal kommunikasiya strategiyalarının qurulması istiqamətində iştirakçılara ətraflı məlumat verilib. Praktiki nümunələr üzərində aparılan müzakirələr iştirakçıların rəqəmsal alətlərdən strateji və məqsədyönlü istifadə bacarıqlarını gücləndirib.
Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir və layihə müddətində müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə təlimlərin təşkili davam etdirilir.