×

Xəbərlər

Xəbərlər 29 Apr 2026
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyi əvvəlcədən şura üzvlərinə təqdim olunaraq təsdiqlənib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetdə tədris prosesi, elmi fəaliyyət, beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib və müvafiq qərarlar qəbul edilib.

İclasda ilk olaraq Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov rəqəmsallaşdırma fəaliyyəti ilə bağlı hesabat təqdim edib. Daha sonra Maliyyə və təminat departamentinin direktoru, baş mühasib vəzifəsini müvəqqəti icra edən Mehman Əliyev ödənişli təhsilin icra vəziyyəti haqqında məlumat verib.

Gündəlikdə yer alan digər məsələlər çərçivəsində Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev və Sənaye və Texnologiya Kollecinin direktoru Nəsim Abışov rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti barədə hesabatla çıxış ediblər. Elmi katib İnqlab Əliyev isə müsabiqə və kvalifikasiya işləri ilə bağlı məlumatı şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda, həmçinin müxtəlif məsələlər müzakirə olunub. Belə ki, Tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov professor-müəllim vəzifələrinin tutulması üçün seçkilərin təşkili və keçirilməsi barədə, Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov isə ADNSU-da professor-məsləhətçi vəzifəsi ilə bağlı təqdimatla çıxış ediblər.

İclasın sonunda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı təklif və iradlarını bildirib, qəbul edilən qərarların icrası ilə əlaqədar aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verib.


Paylaş