Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “2026-cı ilin Şəhərsalma və Memarlıq İli” çərçivəsində Energetika fakültəsinin təşkilatçılığı ilə “Enerji səmərəli şəhər sistemləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarı giriş sözü ilə Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev açaraq “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən, müasir şəhər infrastrukturunda enerji səmərəliliyinin rolundan və bu istiqamətdə aparılan elmi-tədqiqatların vacibliyindən bəhs edib. O vurğulayıb ki, dayanıqlı şəhər modellərinin formalaşdırılması üçün innovativ enerji həllərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Seminar çərçivəsində fakültənin akademik heyəti tərəfindən müxtəlif aktual mövzular üzrə təqdimatlar edilib. Çıxışlarda iri sənaye şəhərlərində enerji sistemlərinin optimallaşdırılması, enerji səmərəli texnologiyaların tətbiqi və müasir şəhər energetikasının inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub.
Elmi-praktik seminarda Enerji istehsalı texnologiyaları kafedrasının dosentləri:Fəxrəddin Rəhimov “İri sənaye şəhərlərində səmərəli enerji sistemlərinin perspektivləri”, Ramiz Kəlbiyev “Enerji səmərəli şəhər sistemləri”, Elektroenergetika kafedrasının dosenti Emin Hüseynov isə “Enerji səmərəli şəhər sistemləri” mövzularında təqdimatla çıxış ediblər.
Seminar zamanı enerji səmərəliliyinin artırılması, resurslardan optimal istifadə, ekoloji dayanıqlılıq və ağıllı şəhər konsepsiyalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar mövzu ətrafında suallar verib və geniş müzakirələr aparıblar.