Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin ictimai çıxış, özünüifadə və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi başa çatıb. Tədbir ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin və ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Layihənin yekun mərasimində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları təbrik edib, onların şəxsi və peşəkar inkişafı baxımından bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Rektor çıxışında müasir əmək bazarında yalnız ixtisas biliklərinin kifayət etmədiyini, uğurlu karyera üçün yumşaq bacarıqların da mühüm rol oynadığını bildirib. O qeyd edib ki, sənaye və işgüzar mühit sürətlə dəyişdikcə, gənclərin aydın düşünmək, fikrini düzgün ifadə etmək, komandada işləmək, dinləmək, inandırmaq və effektiv kommunikasiya qurmaq bacarıqları daha böyük əhəmiyyət qazanır. Rektor bildirib ki, natiqlik və kommunikasiya bacarıqları tələbələrin həm akademik, həm də peşəkar inkişafına töhfə verir, onları gələcək iş həyatında daha hazırlıqlı, özünəinamlı və rəqabətədavamlı mütəxəssislər kimi formalaşdırır. Ardınca rektor layihəni uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim edib.
Qeyd edək ki, layihəyə 100-ə yaxın müraciət daxil olub və seçim mərhələsi nəticəsində 17 tələbə proqramda iştirak hüququ qazanıb. Təlimlər çərçivəsində tələbələr natiqlik sənəti, düzgün nitq, diksiya, media ilə kommunikasiya, ictimaiyyətlə əlaqələr, canlı yayım bacarıqları, süni intellekt dövründə dezinformasiya ilə mübarizə, rəqəmsal kommunikasiya və informasiya təhlükəsizliyi kimi mövzular üzrə praktiki biliklər əldə ediblər.
Layihə müddətində ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Günel Tağıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev, jurnalist, ictimaiyyətlə əlaqələr üzrə ekspert Zamirə Ədilova, ARB24-ün departament rəhbəri və aparıcısı Çinarə Nurməmmədova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü və Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, teleaparıcı Vüsalə Səid, “Azerbaijan International Telecom” MMC-nin (AzInTelecom) Marketinq şöbəsinin rəhbəri Murad Əhmədov, “Balakhani Operating Company LTD” şirkətinin İctimai əlaqələr şöbəsinin müdir müavini Günel Həsənova, BakuBus MMC-nin Media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əsmər tələbələrlə öz təcrübələrini bölüşüblər.
Proqramın sonunda iştirakçıların yekun çıxışları qiymətləndirilib və ən yüksək nəticə göstərən tələbələr mükafatlandırılıb. Birinci yerə layiq görülən Cavidan Nəsirli 500 AZN, ikinci yerin qalibi Nərgiz Sadıqova 300 AZN, üçüncü yerin sahibi Fatimə Nağızadə isə 200 AZN məbləğində mükafatla təltif olunub. Bütün iştirakçılara sertifikat təqdim edilib.
Layihə ADNSU tələbələrinin auditoriya qarşısında inamlı çıxış etmək, fikirlərini aydın ifadə etmək, media və kommunikasiya mühitində peşəkar davranış bacarıqlarını inkişaf etdirmək baxımından mühüm platforma rolunu oynayıb.