×

Xəbərlər

Xəbərlər 01 May 2026
SOCAR-ın təcrübəli mütəxəssisi ADNSU tələbələrinə “Neftin və qazın çıxarılması texnologiyası” mövzusunda seminar keçib

Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbə və doktorantlar üçün “Neftin və qazın çıxarılması texnologiyası” mövzusunda seminar keçirilib.

ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutan seminar SOCAR-da Yataqların İdarə edilməsi Departamentinin Hasilat şöbəsinin rəisi Elman Bayramov tərəfindən təqdim olunub.

Seminar zamanı Elman Bayramov neft və qaz yataqlarının işlənməsi mərhələləri, müasir hasilat texnologiyaları, quyuların istismarı üsulları, həmçinin hasilatın səmərəliliyinin artırılması yolları barədə ətraflı məlumat verib. O, xüsusilə yataqların düzgün idarə olunmasının əhəmiyyətini vurğulayaraq geoloji və texnoloji amillərin kompleks şəkildə qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Mütəxəssis çıxışında həmçinin rəqəmsal texnologiyaların neft-qaz sənayesində tətbiqi, innovativ həllərin hasilat prosesinə təsiri və təhlükəsizlik qaydalarına riayət olunmasının prioritetliyi məsələlərinə də toxunub. Tələbələrə real istehsalat təcrübəsindən nümunələr təqdim edən Elman Bayramov onların gələcək peşə fəaliyyətində nəzərə almaları vacib olan məqamları izah edib.

Seminar interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, Elman Bayramov neft-qaz sənayesində uzunillik təcrübəyə malik mütəxəssisdir. O, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını (ADNSU) bitirib və əmək fəaliyyətinə “Abşeronneft” Neftqazçıxarma İdarəsində operator kimi başlayıb. Müxtəlif illərdə neftqazçıxarma ustası, mühəndis-texnoloq, sex rəisi (mədən müdiri) vəzifələrində çalışıb.

2011-ci ildə “Azneft” İstehsalat Birliyində əməyin mühafizəsi üzrə aparıcı mütəxəssis kimi fəaliyyət göstərən Elman Bayramov, 2012-ci ildən etibarən SOCAR-ın baş ofisində çalışır. Hazırda o, Yataqların İdarə edilməsi Departamentinin Hasilat şöbəsinin rəisi vəzifəsində çalışır.


Paylaş