Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və universitetin Startap vəTexnologiya Transfer Ofisinin (TTO) birgə təşkilatçılığı ilə “Davamlı şəhər həlləri hakatonu” adlı innovativ ideya yarışına start verilib.
İki gün davam edəcək hakaton çərçivəsində iştirakçılar komandalar şəklində bir araya gələrək 48 saat ərzindəintensiv şəkildə layihələr üzərində çalışacaqlar. Bu müddət ərzində onlar şəhər problemlərinə innovativ, texnoloji və davamlı həllər hazırlayaraq ideyalarını real layihələrə çevirmək imkanı əldə edəcəklər.
Tədbirin açılış mərasimində universitetin elm və innovasiyalar üzrə prorektoru Elviz İsmayılov çıxış edərək iştirakçıları salamlayıb, seçilmiş komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Ardınca Startap və Texnologiya Transfer Ofisinin müdiri Əhməd Əhmədzadə açılış nitqi ilə çıxış edərək hakatonun əhəmiyyəti və məqsədləri barədə fikirlərini bölüşüb.
Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Nigar Davud çıxış edərək agentliyin fəaliyyəti, həyata keçirdiyi inkubasiya proqramları haqqında məlumat verib və hakatonda iştirak edən komandaları təbrik edib.
Tədbir çərçivəsində Əhməd Əhmədzadə tərəfindən hakatonun istiqamətləri və qaydaları təqdim olunub. Eyni zamanda iştirakçılar üçün MVP-nin hazırlanması və təqdimat bacarıqları mövzusunda təlim keçirilib.
Qeyd edək ki, yarışmaya ümumilikdə 127 müraciətdaxil olub, seçim mərhələsindən sonra isə 16 komanda iştirak hüququ qazanıb. Hakaton boyunca komandalar 10 təcrübəli mentorun dəstəyi ilə işləyərək ideyalarını inkişaf etdirir və daha praktik həllər formalaşdırırlar.
Tədbirin sonunda iştirakçılar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim edəcək, ən uğurlu komandalar isə I yer üçün 2500 AZN, II yer üçün 1500 AZN və III yer üçün 1000 AZN məbləğində mükafatqazanacaqlar.
“Davamlı şəhər həlləri hakatonu” gənclərin innovativ düşüncəsini stimullaşdırmaqla yanaşı, onların bilik vəbacarıqlarını inkişaf etdirməsi, yeni əlaqələr qurması və ideyalarını gələcək startaplara çevirməsi üçün mühüm platforma rolunu oynayır.