1–2 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Davamlı şəhər həlləri hakatonu” keçirilib. ADNSU-nun Startap və Texnologiya Transfer Ofisi (TTO) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkil etdiyi innovativ ideya yarışmasında komandalar 48 saat ərzində intensiv şəkildə layihələr üzərində çalışıblar. Bu müddət ərzində onlar şəhər problemlərinə innovativ, texnoloji və davamlı həllər hazırlayaraq ideyalarını real layihələrə çevirmək imkanı əldə ediblər.
Yarışmaya ümumilikdə 127 müraciət daxil olub, seçim mərhələsindən sonra isə 15 komanda iştirak hüququ qazanıb. Hakaton boyunca komandalar 10 təcrübəli mentorun dəstəyi ilə işləyərək ideyalarını inkişaf etdirib və daha praktik həllər formalaşdırıblar.
Sonda təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. Münsiflərin qərarına əsasən, birinci yerə “SmartLine”, ikinci yerə “HydroSonic”, üçüncü yerə isə “VHSTECH” komandası layiq görülüb. Qalib komandalar müvafiq olaraq 2500 AZN, 1500 AZN və 1000 AZN məbləğində mükafat qazanıblar.