Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin və Məzunlarla iş və karyera mərkəzinin təşəbbüsü ilə eyni adlı fakültənin məzunları ilə görüş keçirilib.
Görüşdə müxtəlif illərdə universiteti bitirmiş məzunlar, fakültə rəhbərliyi və tələbələr iştirak ediblər. Görüşü giriş sözü ilə açan fakültənin dekanı, dosent İlham Rüstəmov məzunlarla əlaqələrin möhkəmləndirilməsinin, şəbəkələşmənin genişləndirilməsinin və bu əlaqələr vasitəsilə daha çox dəyər yaradılmasının vacibliyini vurğulayıb.
Səmimi və interaktiv şəraitdə keçən görüş zamanı məzunlar tələbəlik illərinə dair xatirələrini bölüşüb, keçdikləri karyera yolundan danışıblar. Çıxışlarda qeyd edilib ki, vaxtilə qayğılı və çətinliklərlə yadda qalan tələbəlik illəri bu gün onların əldə etdikləri uğurların əsasını təşkil edir və cəmiyyətin inkişafına verdikləri töhfələrdə mühüm rol oynayır.
Tədbirin əsas məqsədinin ADNSU-ya bağlılıq hissinin gücləndirilməsi, fakültə ilə məzunlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcək nəsillərə dəstək göstərilməsi olduğu bildirilib.