×

Xəbərlər

Xəbərlər 05 May 2026
ADNSU tələbələri innovativ “Offline mesajlaşma sistemi” layihəsi ilə çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNU) tələbələrinin iştirakı ilə keçirilən tədbirdə internetə ehtiyac olmadan işləyən “Offline mesajlaşma sistemi” layihəsi təqdim olunub. Seminar çərçivəsində layihənin əsas ideyası, texnoloji imkanları və real həyatda tətbiq perspektivləri iştirakçılara ətraflı şəkildə izah edilib.
Layihə müəllifləri – proqram mühəndisi Səbuhi Kazımzadə və aparat təminatı mühəndisi Mirkamil Quluzadə tərəfindən təqdim olunan sistem, uzun məsafəli rabitə texnologiyası və aşağı enerji sərf edən Bluetooth texnologiyası (BLE) vasitəsilə cihazlar arasında birbaşa əlaqə qurulmasına əsaslanır. Bu yanaşma sayəsində istifadəçilər internet bağlantısı olmadan da bir-biri ilə rahat şəkildə mesajlaşa bilir.
Sistem şəbəkəvi (mesh) quruluş prinsipi üzərində qurulub. Bu prinsipə əsasən mesajlar bir cihazdan digərinə ötürülərək daha geniş əraziyə yayılır və beləliklə rabitə imkanları genişləndirilir. Təqdimat zamanı bu texnologiyanın işləmə mexanizmi, üstünlükləri və fərqli sahələrdə istifadəsi barədə geniş məlumat verilib.
“Offline Messenger” adlı mobil tətbiq serverə ehtiyac olmadan işləyən mesajlaşma proqramı kimi təqdim olunub və real vaxt rejimində mesajlaşmanı təmin edir. Eyni zamanda cihazların bir-birini aşkar etməsi (kəşf etmə funksiyası) və sadə istifadəçi interfeysi ilə seçilən bu sistem istifadəçilərə rahat və təhlükəsiz ünsiyyət imkanı yaradır.
Layihə xüsusilə fövqəladə hallar, internetə çıxışın məhdud olduğu ərazilər və alternativ rabitə sistemlərinə ehtiyac duyulan situasiyalar üçün аktual hesab olunur. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan bu təşəbbüs gələcəkdə daha geniş tətbiq imkanları ilə diqqət çəkir.


Paylaş