×

Xəbərlər

Xəbərlər 05 May 2026
SGS şirkətinin inspektoru ADNSU tələbələrinə “Neft və qaz sənayesində inspeksiya və monitorinq” mövzusunda mühazirə keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün “Neft və qaz sənayesində inspeksiya və monitorinq” mövzusunda mühazirə keçirilib. Mühazirə SGS Azerbaijan şirkətinin inspektoru Tural Səfərov tərəfindən təqdim olunub.

Mühazirə dərsində çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür görüşlər tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsinə, onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olmalarına şərait yaradır. Rektor həmçinin qonağa təşəkkürünü ifadə edərək tələbələri mühazirə zamanı aktiv iştirak etməyə dəvət edib.

Daha sonra Tural Səfərov müühazirəyə başlayaraq neft və qaz sənayesində inspeksiya və monitorinq proseslərinin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sənayedə tətbiq olunan müasir yanaşmalar, innovativ texnologiyalar və beynəlxalq standartlar haqqında danışaraq bu sahədə keyfiyyətə nəzarətin və təhlükəsizliyin təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Təqdimat zamanı real iş təcrübəsinə əsaslanan nümunələr də tələbələrlə bölüşülüb.

Qeyd olunub ki, sənaye inkişafını, innovasiyaları və yeni texnologiyaları ali təhsil sisteminə inteqrasiya etmək tələbələr üçün mühüm imkanlar yaradır və onların peşəkar inkişafına töhfə verir. Bu kimi təşəbbüslər gələcək mütəxəssislərin daha rəqabətqabiliyyətli yetişməsində xüsusi rol oynayır.


Paylaş