×

Xəbərlər

Xəbərlər 05 May 2026
SOCAR-ın departament rəisi ADNSU tələbələrinə innovasiyaların istehsalatda tətbiqi mövzusunda mühazirə keçib

Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəisi Teymur Əliyev tərəfindən tələbələr üçün mühazirə keçirilib.

Mühazirə “Şirkətlərin strateji idarəetmə siyasəti, müasir innovasiyaların istehsalatda tətbiqi və üstünlükləri” mövzusuna həsr olunub. Tədbirdə tələbələrə müasir sənaye mühitində innovasiyaların rolu, rəqəmsallaşma prosesləri və istehsalatın optimallaşdırılmasında yeni texnologiyaların tətbiqi barədə geniş məlumat verilib.

Teymur Əliyev çıxışı zamanı şirkətlərin dayanıqlı inkişafında strateji idarəetmənin vacibliyini vurğulayıb və innovativ yanaşmaların xüsusilə neft və qaz sənayesində səmərəliliyin artırılmasına mühüm töhfə verdiyini qeyd edib. O, həmçinin rəqəmsal transformasiya, avtomatlaşdırma və data əsaslı idarəetmə sistemlərinin müasir istehsalatda yaratdığı üstünlüklərdən danışıb.

Mühazirə zamanı tələbələrə real istehsalat nümunələri əsasında izahlar təqdim olunub, həmçinin sənayedə tətbiq olunan innovativ həllərin gələcək perspektivləri müzakirə edilib. Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında interaktiv fikir mübadiləsi aparılıb.


Paylaş