Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qadınların rəqəmsal bacarıqlarını artırmaq və müasir texnoloji həllərdən səmərəli istifadə imkanlarını genişləndirmək məqsədilə “FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim həyata keçirilib.
Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində baş tutan təlim “Rəqəmsal savadlılıq və rəqəmsal həllər” mövzusuna həsr edilib.
Təlim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal təhsil və istedadlarla iş şöbəsinin aparıcı layihə meneceri Leyla Zeynalova tərəfindən təqdim olunub.
Sessiya zamanı rəqəmsal savadlılığın əsas komponentləri, gündəlik iş prosesində istifadə oluna bilən rəqəmsal alətlər, onlayn həllər, məhsuldarlığın artırılması və texnologiyanın sahibkarlıq fəaliyyətində rolu barədə iştirakçılara ətraflı məlumat verilib. Praktiki nümunələr əsasında aparılan izahlar iştirakçıların rəqəmsal alətlərdən məqsədyönlü və effektiv istifadə bacarıqlarını gücləndirib.
Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir və layihə müddətində müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili davam etdirilir.