×

Xəbərlər

Xəbərlər 06 May 2026
ADNSU-da “Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti panel müzakirə keçirilib

Qadınların liderlik, karyera planlaması və peşəkar inkişaf yolunda real təcrübələrdən öyrənməsini hədəfləyən “FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti panel müzakirə təşkil olunub.

Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və “Bir Könüllü”Tələbələrin Əməkdaşlığı İctimai Birliyi-nin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində baş tutan panel müzakirədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova qonaq qismində iştirak edib. Müzakirə layihə rəhbəri Rufiz Qulizadə tərəfindən idarə olunub.

Müzakirə zamanı Ayla Həsənova-Məmmədova dövlət qurumunda peşəkar karyera yolunun başlanğıcı, bu yolda qarşılaşdığı dönüş nöqtələri və çətin qərarların onu necə formalaşdırdığı barədə iştirakçılarla səmimi fikirlərini bölüşüb. O, liderlik yanaşmasının əsasını təşkil edən dəyərlərdən, qərarvermə prosesində bu dəyərlərin rolundan və karyerasının ilkin mərhələlərində qazandığı təcrübələrin bugünkü baxış bucağına təsirindən danışıb.

Panel çərçivəsində gənc qadınlar üçün vacib bacarıqlar xüsusilə təhsil, rəqəmsal bacarıqlar və düşüncə tərzinin rolu, mentorluğun karyera yolundakı təsiri, özünə inamın formalaşdırılması, psixoloji və sosial baryerlərin aşılması kimi mövzular geniş şəkildə müzakirə olunub.

Ayla xanım həmçinin uğur anlayışının illər ərzində necə dəyişdiyini, onu motivasiya edən əsas amilləri, gələcəyin liderlərini fərqləndirəcək xüsusiyyətləri və karyerasının başlanğıcında olan gənc qızlara verəcəyi ən vacib məsləhətləri iştirakçılarla bölüşüb. Panel səmimi dialoq və interaktiv sual-cavab formatında davam edib.

Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir və layihə müddətində təlim və panel görüşlərinin təşkili davam etdirilir.


Paylaş