Mayın 6-da Bahar Enerji Əməliyyat Şirkətinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar. Qonaqları universitetin tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədovla görüşüblər. Universitetin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi görüşdə sənaye ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər əmək bazarının müasir tələblərinə uyğun ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayaraq tələbələrin nəzəri biliklərinin istehsalat təcrübəsi ilə möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Görüş zamanı tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin olunması imkanları, birgə təlim və seminarların keçirilməsi, eləcə də şirkətin universitetlə icra olunacaq ortaq layihələri ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə dosent Rza Məmmədov sənaye tərəfdaşları ilə əlaqələrin genişləndirilməsinin universitet üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib və bu cür görüşlərin əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.