×

Xəbərlər

Xəbərlər 07 May 2026
ADNSU əməkdaşları Çinin Harbin Mühəndislik Universitetində elmi tədqiqat aparıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları daxili qrant layihəsi çərçivəsində Çin Xalq Respublikasının Harbin Mühəndislik Universitetində elmi ezamiyyətdə olublar.

Kimya texnologiya fakültəsinin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva və ADNSU-nun nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Hacı Vahid Axundzadə “Yeni nəsil enerji saxlama sistemləri üçün fenotiazin törəməli redoks-aktiv ionik məhlulların sintezi” adlı daxili qrant layihəsi üzrə 19–29 aprel 2026-cı il tarixlərində Harbin şəhərində tədqiqat aparıblar. 

Ezamiyyət müddətində fenotiazin əsaslı redoks sistemlərinin elektrokimyəvi xüsusiyyətləri müasir üsullarla araşdırılıb, əldə olunan nəticələr qarşı tərəfin alimləri ilə müzakirə edilib. Səfər çərçivəsində mövzu üzrə iki elmi seminar təşkil olunub, tədqiqat nəticələri təqdim edilib və geniş elmi fikir mübadiləsi aparılıb.

Ezamiyyətin nəticəsi olaraq beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi məqalə hazırlanaraq Q1 kateqoriyalı “Journal of Power Sources” jurnalına təqdim olunub. Bununla yanaşı, tərəflər arasında tələbə mübadiləsi və birgə elmi fəaliyyətin genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub.


Paylaş