×

Xəbərlər

Xəbərlər 07 May 2026
ADNSU-da “Laylı telluridlər topoloji izolyator kimi: faza-tarazlıqları tədqiqatları” mövzusunda elmi seminar keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Laylı telluridlər topoloji izolyator kimi: faza-tarazlıqları tədqiqatları” mövzusunda elmi seminar keçirilib. Seminar universitetin elmi-tədqiqat fəaliyyətinin inkişafı, müasir materialşünaslıq sahəsində aparılan araşdırmaların təşviqi və gənc tədqiqatçıların bu istiqamətdə məlumatlandırılması məqsədi ilə təşkil olunub.

Tədbir ADNSU-nun “Neft-mexanika” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nanomateriallar və nanotexnologiyalar” elmi-tədqiqat laboratoriyasının müdiri, materialşünaslıq üzrə tədqiqatçı müəllim Elnur Oruclu tərəfindən təqdim olunan seminarda topoloji izolyator xüsusiyyətlərinə malik laylı quruluşlu tellurid fazalarının kristalloqrafik və termiki xassələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, bu istiqamətdə aparılan faza-tarazlıqları tədqiqatlarının elmi nəticələri, tətbiq perspektivləri və gələcək inkişaf imkanları iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, topoloji izolyator materiallar müasir elektronika, kvant texnologiyaları və nanoölçülü cihazların hazırlanması baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, tədqiqatların perspektivləri və bu sahədə beynəlxalq elmi əməkdaşlıq imkanları müzakirə olunub. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.


Paylaş