×

Xəbərlər

Xəbərlər 07 May 2026
ADNSU-nun nümayəndə heyəti Milanda keçirilən “Avropa Universitetləri Sammiti”ndə universiteti təmsil edib

5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetləri Sammiti”ndə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin tərkibinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, eləcə də ölkənin 5 aparıcı ali təhsil müəssisəsi:Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxil olub.

Beynəlxalq sammitdə ADNSU-nu universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilova və Reytinq şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil ediblər.

Sammit çərçivəsində Azərbaycan ali təhsil müəssisələri ölkə pavilyonunda xüsusi stendlərlə təmsil olunub. Stendlərdə universitetlərin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyəti və inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. ADNSU-nun stendi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq tədbirdə iştirak Azərbaycan ali təhsilinin qlobal akademik məkanda tanıdılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Paylaş