×

Xəbərlər

Xəbərlər 07 May 2026
ADNSU-nun professor-müəllim heyəti və tələbələri istehsalat müəssisələrində olublar

Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyevin təşkilatçılığı ilə fakültənin professor-müəllim heyəti və tələbələri üçün Mingəçevir şəhərində yerləşən enerji istehsalat müəssisələrinə istehsalat ekskursiyası təşkil edilib.

Ekskursiyanın məqsədi tələbələrin nəzəri biliklərini real istehsalat mühiti ilə əlaqələndirmək, praktiki bacarıqlarını artırmaq, enerji sektorunda tətbiq olunan müasir texnologiya və avadanlıqlarla yaxından tanış olmalarını təmin etmək, həmçinin onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərməkdən ibarət olub.

Səfər çərçivəsində tələbələr Azərbaycan İstilik Elektrik Stansiyası, “8 Noyabr” Elektrik Stansiyası və Mingəçevir Su Elektrik Stansiyasında olublar. Burada onlar elektrik enerjisinin istehsalı prosesini yerində müşahidə edib, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.

Müəssisələrdə tələbələrə enerji istehsalının mərhələləri, avadanlıqların iş prinsipləri, enerji sistemlərinin idarə olunması, istismar qaydaları və təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı tələbələr sahə mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab alıb, əldə etdikləri nəzəri bilikləri praktik mühitdə möhkəmləndirmək imkanı qazanıblar.

Qeyd edək ki, bu kimi praktiki yönümlü tədbirlər tələbələrin peşə hazırlığının gücləndirilməsinə, bilik və bacarıqlarının inkişafına, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə mühüm töhfə verir.


Paylaş