Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin məzunları ilə görüş keçirilib.
ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir universitet məzunlarının ali təhsil ocağını bitirmələrinin 40-cı il dönümü ərəfəsində təşkil olunub. Görüşdə universitetdə təhsil almış məzunlar iştirak edərək tələbəlik xatirələrini bölüşüb uzun illər sonra doğma universitetdə yenidən bir araya gəlməyin sevincini yaşayıblar.
Tədbirdə çıxış edən ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova məzunları salamlayaraq universitetin məzunlarla əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, hər bir ali təhsil müəssisəsinin əsas uğur göstəricilərindən biri onun yetişdirdiyi peşəkar kadrlar və cəmiyyətə verdiyi elmi töhfələrdir.
ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov da çıxışında universitetin fəaliyyəti, son illərdə əldə olunan uğurlar və məzunlarla əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, 40 il əvvəl olduğu kimi, bu gün də ADNSU-nun yetişdirdiyi mütəxəssislər ölkənin neft-qaz sənayesinin, informasiya texnologiyaları sahəsinin və digər strateji istiqamətlərin inkişafında mühüm rol oynayırlar. Ş. Əhmədov universitetin öz ənənələrinə daim sadiq qaldığını və müasir dövrün tələblərinə uyğun peşəkar kadr hazırlığını uğurla davam etdirdiyini vurğulayıb.
Səmimi mühitdə keçən görüşdə 40 il əvvəl ADNSU-nu bitirmiş məzunlardan Vaqif Abbasov və digər iştirakçılar çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşüb, keçdikləri peşəkar həyat yolundan danışıblar. Onlar qeyd ediblər ki, tələbəlik dövründə qarşılaşdıqları çətinliklər və qazandıqları biliklər sonrakı uğurlarının əsasını təşkil edib. Çıxışlarda universitet illərinin onların dünyagörüşünün formalaşmasında, peşəkar bacarıqlarının inkişafında və cəmiyyətə faydalı mütəxəssis kimi yetişmələrində mühüm rol oynadığı xüsusi vurğulanıb.