Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Bilik və Təcrübə Paylaşımı” sessiyaları çərçivəsində “Rəqəmsal sənədləşmədə ingilis dilinin mühüm rolu” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirin qonaqları SOCAR Upstream Management International LLC-nin əməkdaşları Vüsalə Muxtarova və Nigar Məmmədova tələbələrlə öz bilik və təcrübələrini bölüşüblər. Çıxışlar zamanı beynəlxalq layihələrdə sənəd dövriyyəsinin düzgün idarə olunmasının vacibliyi, peşəkar terminologiyanın tətbiqi və beynəlxalq standartlara uyğun yazışma qaydaları diqqətə çatdırılıb.
Seminarda rəqəmsal sənədlərdə ingilis dilindən düzgün istifadənin beynəlxalq əməkdaşlıq və effektiv kommunikasiya baxımından mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda, sənədləşmə zamanı yol verilən dil və terminoloji səhvlərin yarada biləcəyi risklər, eləcə də bu halların qarşısının alınması yolları praktiki nümunələrlə izah edilib.
Bildirilib ki, müasir dövrdə ingilis dili bilikləri və peşəkar sənədləşmə bacarıqları xüsusilə mühəndislik, idarəetmə, biznes və informasiya texnologiyaları sahələrində çalışan mütəxəssislər üçün mühüm üstünlüklərdən hesab olunur. Tədbirdə həmçinin tələbələrə beynəlxalq əmək bazarında uğur qazanmaq üçün xarici dil biliklərinin və peşəkar sənədləşmə vərdişlərinin əhəmiyyəti bir daha xatırladılıb, bu kimi maarifləndirici sessiyaların gələcəkdə də davam etdiriləcəyi bildirilib.
Seminarda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib, onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıılıb.
Qeyd edək ki, Sessiyanın əsas məqsədi tələbələrə rəqəmsal sənədləşmə prosesində ingilis dilinin rolu, beynəlxalq iş mühitində peşəkar kommunikasiya və düzgün sənəd dövriyyəsinin əhəmiyyəti barədə məlumat vermək olub.