Mayın 8-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, müəllimlər və tələbələr iştirak ediblər.
Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib.
ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ifasında rəqs nömrələri nümayiş olunub, istedadlı tələbələr tərəfindən şeirlər səsləndirilib. Eyni zamanda, ADNSU-da təhsil alan əcnəbi tələbələrin tədbirdə fəal iştirakı və səsləndirdikləri şeir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək, eləcə də Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.