Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 5–8 may 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week 2026” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda innovativ layihələri ilə iştirak ediblər.
Sərgi çərçivəsində ADNSU-nun Kendly.az, Co-Brain Medical və AgroVibe komandaları təmsil edib. Tələbə komandaları aqrar sektor, texnologiya və innovasiya sahələrini əhatə edən layihələrini iştirakçılara təqdim edərək müxtəlif qurum nümayəndələri, sahibkarlar və ziyarətçilərlə fikir mübadiləsi aparıblar.
Təqdim olunan layihələr innovativ yanaşmaları, praktiki həll imkanları və müasir texnologiyaların tətbiqi baxımından iştirakçıların marağına səbəb olub. Sərgi müddətində komandalar öz startap ideyaları barədə geniş məlumat verərək potensial əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
ADNSU tələbələrinin beynəlxalq sərgi və forumlarda aktiv iştirakı universitetdə innovasiya ekosisteminin inkişafına, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də startap mədəniyyətinin təşviqinə töhfə verir.
“Caspian Agro Week 2026” sərgisi kənd təsərrüfatı, aqrotexnologiyalar, innovativ həllər və dayanıqlı inkişaf istiqamətində yerli və beynəlxalq iştirakçıları bir araya gətirən mühüm platformalardan biri hesab olunur.