×

Xəbərlər

Xəbərlər 13 May 2026
ADNSU-nun tələbələri Beynəlxalq İnformatika Olimpiadasında növbəti dəfə uğur qazanıblar

Türkmənistanda yerləşən Yağşıgeldi Kakaev adına Beynəlxalq Neft və Qaz Universiteti tərəfindən 15–16 aprel 2026-cı il tarixlərində ali təhsil müəssisələrinin tələbələri arasında IV Beynəlxalq Açıq İnternet İnformatika Olimpiadası keçirilib. Olimpiadada müxtəlif ölkələrin universitetlərini təmsil edən tələbələr fərdi və komanda formatında biliklərini sınayıblar.

Olimpiada çərçivəsində iştirakçılara alqoritmik proqramlaşdırma, məlumatların təhlili, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərini əhatə edən tapşırıqlar təqdim olunub. Yarış “Moodle” platforması üzərindən və “Zoom” proqramı vasitəsilə müşahidə altında təşkil edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olimpiadada 10 tələbə ilə - Mərdəliyev Ömər, İsmayılov Rəvan, Əhmədova Elmira, Abdurazaklı Selcan, Qasımov Nihad, Əsgərova Yasmin, Tağıyeva Alla, Əsgərov Telman – təmsil olunublar. Universitet tələbələri beynəlxalq yarışda uğurlu nəticələr əldə edərək fərqləniblər.

Belə ki, ADNSU-nun iki nəfər tələbəsi - Tağıyeva Alla və Əsgərov Telman olimpiadanın nəticələrinə əsasən III yerə layiq görülərək diplomla təltif olunub.

Qeyd edək ki, beynəlxalq olimpiadanın əsas məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal kompetensiyalarının artırılması və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsidir.


Paylaş