Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzi “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən həyata keçirilən və ictimai məkanlarda oxu mədəniyyətinin təşviqinə yönəlmiş “Kitab dayanacağı” layihəsinə qoşulub.
Layihə çərçivəsində ADNSU-da görüş keçirilib və universitetin professor-müəllim heyətinin müəllifliyi ilə ərsəyə gəlmiş seçilmiş kitablar ADY-nın əməkdaşlarına təqdim olunub. Belə ki, layihəyə ümumilikdə 34 adda kitab təqdim edilib. Kitablar əsasən bədii ədəbiyyat, texniki, tarixi və maarifləndirici mövzuları əhatə edir. Bildirilib ki, təqdim olunan nəşrlər yalnız kitab mübadiləsinə deyil, eyni zamanda müxtəlif auditoriyalar arasında bilik paylaşımını təşviq edən intellektual platformanın inkişafına da töhfə verəcək.
Tədbirdə ADNSU-nun Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova, universitetin struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin ADY QSC-nin Müştəri xidmətləri şöbəsinin rəisi Fidan Məmmədova və digər əməkdaşlar iştirak ediblər.
Fidan Məmmədova layihə barədə məlumat verərək bildirib ki, təşəbbüs çərçivəsində ADY-nin stansiyalarında, muzeyində və sərnişinlər üçün əlçatan olan müxtəlif məkanlarda “Kitab dayanacağı” köşkləri yaradılacaq.
ADNSU-nun Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova layihəyə təqdim olunan kitablar və onların müəllifləri haqqında məlumat verib, universitet olaraq “Kitab dayanacağı” layihəsinin uğurlu olacağına əminliyini ifadə edib.
Səlahət Mahmudova həmçinin təklif edib ki, layihə çərçivəsində ADNSU-ya həsr olunmuş ayrıca “Kitab dayanacağı” yaradılarsa, burada da oxucular üçün maraqlı kitablar təqdim olunacaq.