Bakı şəhərində keçirilən və bu gün yekunlaşan World Urban Forum 13 (WUF13) (Ümumdünya Şəhərsalma Forumunnun 13-cü sessiyası) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) innovasiya, texnologiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslərlə təmsil olunub. Sərgidə universitet öz stendi ilə iştirak edərək elmi-tədqiqat fəaliyyəti, tələbə təşəbbüsləri və innovativ layihələrini beynəlxalq auditoriyaya təqdim edib. Həmçinin, ADNSU-nun sərgi stendində universitetin təhsil imkanları, beynəlxalq tərəfdaşlıqları, innovasiya mühiti, startap ekosistemi və tələbə layihələri barədə iştirakçılara geniş məlumat verilib. Təqdimatlar çərçivəsində universitetdə həyata keçirilən texnoloji təşəbbüslər və gənclərin innovativ fəaliyyətləri xüsusi maraqla qarşılanıb.
Sərgidə ADNSU tələbələrinin hazırladığı bir sıra startap layihələri də nümayiş olunub. Layihələr əsasən dayanıqlı texnologiyalar, ağıllı həllər və təhlükəsizlik sahələrini əhatə edib və gənclərin innovativ yanaşmalarını əks etdirib.
Forum günlərində ADNSU əməkdaşları və universitetdə təhsil alan xarici tələbələr də sərgi ilə yaxından tanış olub. Eyni zamanda ADNSU-nun tələbələri beynəlxalq tədbirdə könüllü qismində iştirak edərək təşkilati proseslərə töhfə veriblər.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunda şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya və iqlim çağırışları mövzularında müxtəlif sessiyalar, görüşlər və sərgilər təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən forum bu istiqamətdə qlobal əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma olub.