22 may 2026-cı il tarixində Tacikistan Respublikasının Təhsil və Elm naziri Rəhim Saidzoda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Səfər çərçivəsində əvvəlcə tərəflər arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, ümumi işlər üzrə prorektor Elnur İsmayılov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, elm və innovasiya məsələləri üzrə prorektor Elviz İsmayılov, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva iştirak ediblər. Tacikistan tərəfdən isə nümayəndə heyətində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin attaşesi Mukaddas Temurzoda da daxil olmaqla nümayəndələr yer alıblar.
Görüş zamanı ADNSU ilə Tacikistan universitetləri arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, eləcə də kompüter elmləri, data analitikası, süni intellekt, maliyyə və digər texniki sahələr üzrə birgə təhsil proqramları və layihələrin icrası istiqamətində fikir mübadiləsi aparıblar.
Daha sonra qonaqlar universitetdə yaradılmış müasir laboratoriya infrastrukturu ilə yaxından tanış olub. Nümayəndə heyəti universitetin müxtəlif laboratoriyalarına baş çəkərək burada yaradılmış müasir tədris və tədqiqat imkanları barədə məlumat əldə edib.