Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) strateji tərəfdaşı olan Böyük Britaniyanın Vorvik universitetində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Amrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşləri keçirilib. Səfər çərçivəsində nümayəndə heyəti universitet rəhbərliyi ilə görüşərək fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb. Görüşlərdə ali təhsil və transmilli təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşlər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında uğurla həyata keçirilən “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramı xüsusi vurğulanıb. Bildirilib ki, proqram enerji keçidi və dayanıqlı inkişaf kimi strateji istiqamətlər üzrə yüksəkixtisaslı kadr hazırlığına xidmət etməklə yanaşı, universitetlər arasında akademik və institusional əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
Qeyd olunub ki, ADNSU və Vorvik Universiteti arasında həyata keçirilən bu əməkdaşlıq Azərbaycanın ali təhsil sisteminin beynəlxalq inteqrasiyasına, müasir mühəndislik və enerji sahələrində qabaqcıl bilik və təcrübənin ölkəyə transferinə mühüm töhfə verir.