Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Biznesin İdarəedilməsi (BA) proqramlarının tələbələri SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində olublar.
ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədovun təşkilatçılığı ilə keçirilən görüşün məqsədi tələbələri SOCAR-ın marketinq sahəsindəki real iş mühiti ilə daha yaxından tanış etmək, onların nəzəri biliklərini praktik bacarıqlarla əlaqələndirmələrinə dəstək göstərmək və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə vermək olub.
Görüş zamanı tələbələr idarənin rəhbər əməkdaşları tərəfindən SOCAR-ın beynəlxalq əlaqələri, dünya bazarında marketinqin rolu, iş mühiti, korporativ dəyərlər və komanda mədəniyyəti barədə məlumatlandırılıblar. Eyni zamanda, marketinq sahəsində mövcud trendlər, rəqəmsallaşma prosesləri, qərarqəbuletmə mexanizmləri və gələcəyin marketoloqları üçün tələb olunan əsas kompetensiyalar haqqında ətraflı məlumat verilib.