Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və ADNSU-nun təşkilatçılığı ilə həyata keçirilən “Ignite” İnkubasiya proqramının açılış mərasimi baş tutub.
Tədbirdə universitet rəhbərliyi, proqram iştirakçıları, mentorlar və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində ilk olaraq ADNSU-nun Startup və Texnologiya Transferi Ofisinin müdiri Əhməd Əhmədzadə çıxış edərək proqram iştirakçılarını “Ignite” İnkubasiya proqramının məqsədi, mərhələləri və iştirakçılar üçün yaradılan imkanlar barədə məlumat verib. O, proqramın innovativ ideyaların inkişaf etdirilməsi, sahibkarlıq bacarıqlarının gücləndirilməsi və gənclərin innovasiya ekosisteminə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Nigar Davud çıxış edərək proqramın iştirakçılar üçün təqdim etdiyi imkanlardan, mentorluq və təlim prosesindən, həmçinin gözlənilən nəticələrdən bəhs edib.
Tədbir çərçivəsində iştirakçılar mentorlarla tanış olub, proqramın fəaliyyət planı, təlim mövzuları və qiymətləndirmə mexanizmi barədə ətraflı məlumat əldə ediblər.
“Ignite” İnkubasiya proqramının sonunda komandaların fəaliyyəti mentor rəyləri və yekun təqdimatlar əsasında qiymətləndiriləcək. Ən uğurlu üç komanda müvafiq olaraq 6 000, 5 000 və 4 000 manat məbləğində pul mükafatı ilə təltif olunacaq.
Proqramın əsas məqsədi gənclərin innovativ ideyalarının dayanıqlı biznes modellərinə çevrilməsini dəstəkləmək, sahibkarlıq potensialını artırmaq və ölkədə innovasiya mədəniyyətinin inkişafına töhfə verməkdir.