×

Xəbərlər

Xəbərlər 25 May 2026
ADNSU-da Geoloji Kəşfiyyat Fakültəsinin 90 illiyinə həsr olunmuş “Geoloqlar Günü” Forumu keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat fakültəsinin (GKF) 90 illiyinə həsr olunmuş “Geoloqlar Günü” Forumu keçirilib. 

Universitet rəhbərliyi, elm və sənaye nümayəndələri, müəllimlər, tələbələr və geologiya sahəsi üzrə mütəxəssislərin iştirak etdiyi forum geologiya elminin inkişafı, innovativ yanaşmalar və gələcək perspektivlərin müzakirəsi baxımından mühüm platforma olub.

Forum iştirakçıları əvəvlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə  gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  

Forumda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov geologiya elminin Azərbaycanın sənaye və iqtisadi inkişafında strateji əhəmiyyət daşıdığını vurğulayıb. Rektor bildirib ki, 90 illik zəngin tarixə malik Geoloji Kəşfiyyat Fakültəsi ölkədə geologiya elminin, mühəndis hazırlığının və elmi tədqiqatların əsas mərkəzlərindən biri kimi formalaşaraq Azərbaycanın neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verib. O, çıxışında müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığının vacibliyinə toxunaraq, tələbələrin innovativ yanaşmalar, müasir texnologiyalar və praktik biliklər əsasında yetişdirilməsinin universitetin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Daha sonra Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə çıxış edərək yer elmlərinin inkişafında elmi tədqiqatların rolundan danışıb. O, bir vaxtlar təhsil aldığı doğma ali təhsil ocağında keçirdiyi tələbə illərinə dair səmimi xatirələrini bölüşüb. O qeyd edib ki, həmin illər onun elmi dünyagörüşünün formalaşmasında və gələcək elmi fəaliyyət istiqamətinin müəyyənləşməsində mühüm rol oynayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Arzu Cavadova çıxışında sənaye ilə universitet əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür forumlar tələbələrin praktiki biliklərinin artırılması, yeni əməkdaşlıqların qurulması və peşəkar mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Geoloji Kəşfiyyat Fakültəsinin dekanı Naməd Paşayev isə fakültənin keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan və gələcək hədəflərdən bəhs edib. O qeyd edib ki, fakültə bu gün də ölkənin geologiya sahəsi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında aparıcı mövqeyini qoruyur.

Caspian Geo şirkətinin baş meneceri Ağamurad Muradov çıxışında iştirakçıları təbrik edərək, geologiya sahəsində innovativ texnologiyaların tətbiqindən danışıb,

Sonra geologiya sahəsinə həsr olunmuş videoçarx nümayiş olunub. 

Forum çərçivəsində keçirilən panel müzakirələri müxtəlif istiqamətləri əhatə edib. “Yer elmlərində innovasiya” adlı ilk paneldə geologiya və əlaqəli sahələr üzrə akademik yanaşmalar, müasir tədqiqat istiqamətləri və elmi yeniliklər müzakirə olunub. Panelin moderatoru Elnur Əlizadə olub. Müzakirələrdə Vaqif Qurbanov, Fəxrəddin Qədirov və İbrahim Quliyev çıxış edərək yer elmlərinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

“Enerjinin nəbzi” adlı ikinci panel isə sənaye sektorunun nümayəndələrini bir araya gətirib. Panel çərçivəsində enerji sahəsində təcrübə, innovativ yanaşmalar və gələcək perspektivlər haqqında çıxışlar səsləndirilib. Panelin moderatoru Şəlalə Hüseynova olub. Xanəli Əhmədov, Akif Nərimanov və Nazim Abdullayev sahə üzrə aktual məsələlərə toxunaraq iştirakçılarla fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində həmçinin tələbələrin poster təqdimatları təşkil olunub, rəsmi hissə tələbələrin ifasında bədii hissə ilə yekunlaşıb. 


Paylaş