×

Xəbərlər

Xəbərlər 26 May 2026
ADNSU-da “Geoloqlar günü” forumu çərçivəsində 30 şagirdin layihəsi mükafatlandırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Geoloji kəşfiyyat fakültəsinin 90 illik yubileyinə həsr olunmuş “Geoloqlar günü” forumu çərçivəsində geologiya, enerji və yer elmləri sahəsində aktual mövzular üzrə panel müzakirələri, maarifləndirici sessiyalar təşkil olunub.

Forum proqramı çərçivəsində məktəblilər üçün xüsusi maarifləndirici yarış və final mərhələsi keçirilib. Finalda 5 məktəbin qalib komandaları iştirak edib və hər komanda 6 nəfərdən ibarət olub.

Elm, təhsil və sənaye nümayəndələrini bir araya gətirən tədbir çərçivəsində, həmçinin beynəlxalq Geofizika Mühəndisləri Cəmiyyətinin (SEG) dəstəyi ilə reallaşdırılan “Outreach” Maarifləndirmə proqramının rəsmi bağlanış və mükafatlandırma mərasimi baş tutub.

İki əsas istiqamətdə — akademik və sənaye sahələri üzrə təşkil olunan panel müzakirələrində dəvətli ekspertlər, layihə qalibi olan 30 şagird və SEG-in tərəfdaşı olan 5 yerli universitetin fəalları iştirak edib. Panel çıxışlarının ardınca mühəndislər və gənclər arasında birbaşa kommunikasiyanın qurulması məqsədilə xüsusi poster zonası fəaliyyət göstərib, burada tələbələr öz elmi-praktiki araşdırmalarını nümayiş etdiriblər. Eyni zamanda, proqramın ilkin mərhələsinə cəlb olunmuş 100-ə yaxın məktəbli üçün universitetə ekskursiya təşkil olunub.

Yubiley tədbirinin ən yaddaqalan hissəsi proqram çərçivəsində tərəfdaşlıq edilən 5 orta məktəb və litseylərin şagirdləri arasında keçirilən layihə yarışmasının final mərhələsi və rəsmi bağlanış mərasimi olub. 

Qeyd olunan təhsil müəssisələrindən seçilmiş 30 şagirdə ilkin mərhələdə geologiya, geofizika və “Ətraf mühit toksikologiyası” istiqamətləri üzrə xüsusi təlimlər verilib, ardınca isə onlar ekoloji problemlərin həllinə və ətraf mühit toksikologiyasının qarşısının alınmasına yönəlmiş komanda layihələri hazırlayıblar. 

Finalda öz layihələrini münsiflər heyəti qarşısında uğurla müdafiə edərək qiymətləndiriliblər. 

Qiymətləndirmənin yekunlarına əsasən qaliblər elan edilib və bütün iştirakçılar kubok, xüsusi sertifikatlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Layihənin digər 80 nəfərə yaxın iştirakçısına isə fəal iştiraka görə sertifikatlar təqdim edilib. 


Paylaş