Hər il beynəlxalq səviyyədə qeyd olunan “Afrika Günü” münasibətilə konfrans təşkil olunub. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxış ediblər.
Konfrans çərçivəsində Somali Federativ Respublikasının Azərbaycandakı səfiri Abdinur Dahir Fidov, Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş, Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov, Esvatini Krallığının Azərbaycandakı səfiri Sibusisive Mnqomezulu, Milli Məclisin Azərbaycan–Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, eləcə də Uqandanın BMT-dəki daimi nümayəndəsi və səfiri Adonia Ayebare panel müzakirələrində iştirak ediblər.
Afrika ölkələrindən olan tələbələrin sayına görə seçilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Somali, Qvineya, Misir, Zambiya, Ruanda, Kot-d’İvuar, Qambiya və Uqanda respublikalarından olan ümumilikdə 10 tələbəsi də tədbirə qatılıb.
Konfrans zamanı iştirakçılar Afrika ölkələri ilə Azərbaycan arasında təhsil, beynəlxalq əməkdaşlıq və tələbə mobilliyi sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Tədbir müxtəlif ölkələrdən olan tələbələr arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından da əhəmiyyətli platforma olub.