×

Xəbərlər

Xəbərlər 26 May 2026
ADNSU-da ölkədə ilk dəfə 1000+ AZN təqaüdlü, ingilisdilli və kredit sistemli “SABAH” Doktorantura Proqramına qəbul elan olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkədə ilk dəfə “SABAH” proqramı çərçivəsində kredit sistemli və tam ingilis dilində həyata keçiriləcək yüksək təqaüdlü doktorantura proqramına qəbul elan edir.

Yeni doktorantura modeli Texnika elmləri (“SABAH” proqramı) və Riyaziyyat (“SABAH” proqramı) üzrə təşkil olunur və Azərbaycanda elmi-tədqiqat yönümlü doktorantura təhsilinin beynəlxalq standartlara uyğun inkişafı istiqamətində mühüm yenilik hesab edilir.

4 illik təhsil müddətini əhatə edən proqram çərçivəsində doktorantlara aylıq 1000+ AZN məbləğində təqaüd veriləcək və doktorantlar elmi mühitlə təmin olunacaqlar. Tədris prosesi kredit sistemi əsasında və tam ingilis dilində aparılacaq.

Qəbul aşağıdakı ixtisaslar üzrə elan olunur:

Texnika elmləri (“SABAH” proqramı):

– 3338.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

Riyaziyyat (“SABAH” proqramı):

– 1201.01 — Cəbr

– 1202.01 — Analiz və funksional analiz

– 1203.01 — Kompüter elmləri

– 1211.01 — Diferensial tənliklər

Yeni model doktorantlara beynəlxalq akademik mühitə inteqrasiya, müasir tədqiqat metodologiyalarına çıxış və elmi fəaliyyətlərini qlobal standartlara uyğun şəkildə inkişaf etdirmək imkanı yaradacaq.

Qeyd edək ki, “SABAH” proqramı üzrə doktoranturaya qəbul Elm və Təhsil Nazirliyinin doktorantura səviyyəsində həyata keçirdiyi yeni strateji yanaşmanın bir hissəsidir və ölkədə elmi potensialın gücləndirilməsinə xidmət edir.


Paylaş