Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyi şura üzvlərinə təqdim olunduqdan sonra təsdiq edilib. ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetdə tədris prosesinin nəticələri, elmi fəaliyyətin mövcud vəziyyəti, qarşıda duran hədəflər və təşkilati məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdəki birinci məsələ ilə bağlı tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. Çıxışda imtahanların təşkili, şəffaflığın təmin olunması, nəzarət mexanizmləri və sessiyanın uğurla keçirilməsi istiqamətində görülən hazırlıq işləri diqqətə çatdırılıb. R.Məmmədov həmçinin, ADNSU-da fakültə və kafedra strukturlarının optimallaşdırılması barədə məlumat verib, təklifləri şura üzvlərinə təqdim edib.
Növbəti məsələ üzrə elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov yekun dövlət attestasiyasına hazırlığın vəziyyəti barədə məruzə ilə çıxış edib. Təqdimatda attestasiyanın təşkili, tələbələrin yekun qiymətləndirilməsi prosesinə hazırlıq və müvafiq struktur bölmələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov UFAZ-ın illik hesabatını təqdim edib. Hesabatda cari tədris ili ərzində görülən işlər, əldə olunan nəticələr, beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən fəaliyyətlər və qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflər öz əksini tapıb.
Gündəliyin növbəti məsələsi ilə bağlı Ömürboyu Təhsil Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəşad Şıxıyev mərkəzin fəaliyyəti, yeni inkişaf konsepsiyası və təhsil haqları ilə bağlı təqdimatla çıxış edib. Məruzədə mərkəzin gələcək fəaliyyət istiqamətləri, yeni proqramlar və davamlı təhsil imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Müxtəlif məsələlər çərçivəsində tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov imtahanların təşkili üçün yaradılmış komissiyaların əsasnamələrinin, işçi qrup və strukturların təlimatlarının, həmçinin müvafiq qaydaların təsdiqi barədə məlumat verib.
Daha sonra Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri Gülnar Cəfərova payız semestrinin və imtahan sessiyasının yekunlarına dair keçirilmiş sorğuların nəticələri barədə məlumat verərək əldə olunan göstəriciləri və aparılmış təhlillərin nəticələrini şura üzvlərinin diqqətinə çatdırıb.
Gündəlikdə yer alan digər məsələlər üzrə Elmi katib, dosent İnqlab Əliyev professor-müəllim vəzifələrinin tutulması məqsədilə universitetdə keçirilmiş seçkilərin nəticələri barədə məlumat verib. O, həmçinin dosent elmi adı verilməsi üçün Ali Attestasiya Komissiyasına sənədləri göndəriləcək iddiaçılar haqqında təqdimatla çıxış edib.
Gündəlikdəki bütün məsələlər Elmi Şura üzvləri tərəfindən müzakirə olunaraq müvafiq qərarlarla təsdiqlənib.
İclasın sonunda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı öz təklif və tövsiyələrini bildirib, qəbul edilmiş qərarların icrası ilə əlaqədar aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verib.