01–05 iyun 2026-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «Neft-kimya texnologiyaları və sənaye ekologiyası» kafedrasının professoru, kimya elmləri doktoru Elvira Hüseynova Özbəkistan Respublikasının Termiz Dövlət Universitetində səfərdə olub.
Səfər Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Təhsil Keyfiyyətinin Təminatı üzrə Milli Agentliyin dəvəti ilə həyata keçirilib. E. Hüseynova ali təhsil proqramlarının xüsusi dövlət akkreditasiyası proseduru çərçivəsində «Neft və qazın emalı texnologiyası» təhsil proqramı üzrə beynəlxalq ekspert qismində cəlb edilib.
Səfər müddətində universitet rəhbərliyi, struktur bölmələrin nümayəndələri, fakültə dekanları, kafedra müdirləri, müəllimlər, işəgötürənlər və digər maraqlı tərəflərlə görüşlər keçirilib. Təhsil proqramlarının universitetin inkişaf strategiyasına uyğunluğu, işəgötürənlərin və digər maraqlı tərəflərin rəylərinin nəzərə alınması, məzunların peşə kompetensiyalarının formalaşdırılması, həmçinin təhsil proqramlarının gələcək inkişaf perspektivləri ilə bağlı müsahibələr və ekspert müzakirələri aparılmışdır.
Xüsusi diqqət universitetin kadr potensialının, tədris-metodiki təminatının, maddi-texniki bazasının və laboratoriya infrastrukturunun təhlilinə yönəldilmişdir. Səfər çərçivəsində ixtisaslaşdırılmış auditoriyalar və laboratoriyalar, informasiya-resurs mərkəzinin fəaliyyəti, tədris prosesinin dərsliklər və elektron resurslarla təminatı, eləcə də rəqəmsal təhsil mühitinin və təhsil prosesinin idarəetmə sisteminin imkanları öyrənilmişdir.
Ekspertiza yekununda E.Hüseynova ekspert komissiyasının iclaslarında iştirak edib, universitet rəhbərliyi ilə qiymətləndirmənin ilkin nəticələrini müzakirə edib və təhsil proqramlarının təkmilləşdirilməsi, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində tövsiyələr təqdim edib.
İşgüzar səfər ali təhsildə keyfiyyət təminatı sahəsində təcrübə mübadiləsinə, beynəlxalq akademik əməkdaşlığın möhkəmlənməsinə və peşəkar əlaqələrin inkişafına töhfə verib. Əldə olunan nəticələr Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Termiz Dövlət Universiteti arasında elmi-təhsil əməkdaşlığının genişləndirilməsi, həmçinin Özbəkistan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlığın gələcək inkişafı üçün əlavə imkanlar yaradıb. Səfər tərəflərin elmi-təhsil əməkdaşlığının inkişafında, birgə layihələrin həyata keçirilməsində, akademik mobilliyin genişləndirilməsində və ali təhsildə keyfiyyət təminatı sahəsində təcrübə mübadiləsində qarşılıqlı marağını bir daha təsdiq etmişdir.