Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) alimlərinin həmmüəllifi olduğu növbəti elmi məqalə yüksək impakt faktorlu, Q1 kateqoriyalı beynəlxalq elmi jurnalda dərc edilib
ADNSU, Azərbaycan-Fransız Universiteti (UFAZ) və Strasburq Universitetinin tədqiqatçıları arasında həyata keçirilən beynəlxalq elmi əməkdaşlıq çərçivəsində hazırlanmış “MnTe–SnTe–Bi₂Te₃ psevdoternar sistemində bərkfazalı tarazlıqlar diaqramı və Mn₀.₅₅Sn₀.₄₅Bi₁₀Te₁₆ ilə Mn₀.₅₅Sn₀.₄₅Bi₁₂Te₁₉ birləşmələrinin maqnit xassələri” adlı məqalə Elsevier nəşriyyatının nüfuzlu Q1 kateqoriyalı “Materials Chemistry and Physics” jurnalında çap olunub.
Məqalənin müəllifləri sırasında ADNSU-nun tədqiqatçı müəllimləri - kimya elmləri doktoru Dünya Babanlı və kimya üzrə fəlsəfə doktoru Elnur Oruclu, həmçinin UFAZ-ın fizika müəllimi, dosent Əlihüseyn Dövlətov və doktorantı Fuad Səfərov yer alırlar. Tədqiqat işi yeni maqnit topoloji izolyator fazalarının öyrənilməsinə həsr olunub.
Araşdırma çərçivəsində MnTe–SnTe–Bi₂Te₃ kvaziüçlü sistemində bərkfazalı tarazlıqlar ilk dəfə olaraq rentgenfaza analizi və SEM-EDS üsulları vasitəsilə tədqiq edilib, 500°C temperatur üçün izotermik kəsik qurulub. Tədqiqat nəticəsində bir sıra yeni əvəzolunma bərk məhlul sıraları və müxtəlif birləşmələrin geniş homogenlik sahələri müəyyənləşdirilib.
Qeyd edək ki, əldə olunan nəticələr laylı tellurid materiallarında maqnit və topoloji xassələrin məqsədyönlü şəkildə idarə olunması baxımından mühüm elmi əhəmiyyət daşıyır və gələcək spintronika texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.
https://doi.org/10.1016/j.matchemphys.2026.132365