Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın təşkilatçılığı ilə universitetin laborantları üçün peşəkar bilik və bacarıqların artırılmasına yönəlmiş təlim proqramına start verilib.
Proqramın əsas məqsədi yeni laboratoriyaların effektiv fəaliyyətinin təmin edilməsi, laboratoriya işlərinin müasir standartlara uyğun təşkili, eləcə də tədris prosesində praktiki hazırlığın keyfiyyətinin yüksəldilməsidir.
Təlim proqramı çərçivəsində ADNSU-nun Fizika və Kimya laboratoriyalarında çalışan laborantları müasir laboratoriyalarında praktiki təlimlərə cəlb olunublar.
Təlimlər zamanı iştirakçılar müasir laboratoriya avadanlıqlarından istifadə, laboratoriya təhlükəsizliyi qaydaları, laboratoriya proseslərinin təşkili və idarə olunması, həmçinin tədrisdə tətbiq olunan qabaqcıl laboratoriya təcrübələri üzrə bilik və bacarıqlarını inkişaf etdirirlər.
Proqram iştirakçılara real laboratoriya mühitində praktiki təcrübə qazanmaq, avadanlıqlardan səmərəli istifadə bacarıqlarını gücləndirmək və laboratoriya fəaliyyətinin keyfiyyətinin artırılmasına töhfə vermək imkanı yaradır.
Bu təşəbbüs ADNSU-da laboratoriya infrastrukturunun daha səmərəli istifadəsinə, tədris prosesinin praktik yönümlülüyünün artırılmasına və ali təhsildə müasir laboratoriya standartlarının tətbiqinə xidmət edir.