Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Çinin Xi’an Shiyou Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub. Tərəflər hər iki universitetin təhsil proqramları, elmi infrastrukturu, beynəlxalq fəaliyyəti və strateji inkişaf prioritetləri barədə təqdimatla çıxış ediblər.
Müzakirələr zamanı birgə tələbə və akademik mobillik mexanizmlərinin yaradılması, magistratura və doktorantura səviyyələrində ikili elmi rəhbərlik modelinin tətbiqi, gənc tədqiqatçıların hazırlanması, eləcə də ikili elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq qrant proqramlarında ortaq iştirak, elmi potensialın birləşdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar açacağı vurğulanıb.
Görüş çərçivəsində ADNSU ilə Xi’an Shiyou Universiteti arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Sonda qonaqlar Azərbaycan–Fransız Universitetinin (UFAZ) laboratoriyaları ilə tanış olublar.