×

Xəbərlər

Xəbərlər 12 Jun 2026
ADNSU dosentinin biokimya və bitki biotexnologiyası sahəsində elmi əsərləri nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin dosenti Nərgiz Sultanovanın biokimya, bitki biotexnologiyası, molekulyar biologiya və bitki stress fiziologiyası istiqamətlərində apardığı elmi tədqiqatların nəticələri nüfuzlu beynəlxalq nəşrlərdə işıq üzü görüb.

Dosent Nərgiz Sultanovanın həmmüəllifi olduğu “Üzüm bitkilərində Grapevine Leafroll-Associated Virus 3 infeksiyasına qarşı antioksidant müdafiə reaksiyası” adlı məqalə Springer Nature nəşriyyatının Q2 kateqoriyalı “Applied Fruit Science” jurnalında dərc olunub. Məqalədə üzüm bitkilərində Grapevine Leafroll-Associated Virus 3 infeksiyasının yaratdığı oksidləşdirici stress və bitkinin antioksidant müdafiə sisteminin reaksiyası araşdırılıb.

Tədqiqatın nəticələri bitki-virus qarşılıqlı təsirlərinin öyrənilməsi, bitkilərin stress amillərinə davamlılığının müəyyənləşdirilməsi və kənd təsərrüfatı biotexnologiyası sahəsində aparılan araşdırmalar baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Nərgiz Sultanovanın həmmüəllifi olduğu digər elmi əsər isə dünya miqyasında nüfuzlu “Taylor & Francis” nəşriyyat qrupuna daxil olan CRC Press tərəfindən nəşr edilən “Bitki ferment sistemləri və onların biokimyəvi və ekoloji qarşılıqlı təsirləri” adlı kitabda fəsil şəklində çap olunub. “Bitkilərdə oksidləşdirici stress və antioksidant fermentlərin rolu” adlı kitab fəslində bitkilərdə oksidləşdirici stressin yaranma mexanizmləri, antioksidant fermentlərin funksiyaları və onların bitkilərin stressə davamlılığının formalaşmasındakı rolu geniş şəkildə təhlil edilib.

Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən ADNSU-da ilk dəfə bakalavr səviyyəsində Biotexnologiya, Kimya, Fizika və Riyaziyyat ixtisaslarına qəbul elan olunub. 

Məqaləyə keçid:  https://doi.org/10.1007/s10341-026-01889-y

Fəslə keçid: https://doi.org/10.1201/9781003669920 


Paylaş