İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramında iştirak edəcək komandalar müəyyənləşib. Seçilən komandalar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin hazırladığı innovativ layihələr də yer alıb.
Proqramın əsas məqsədi innovativ ideyaların inkişafına dəstək göstərmək, gənc startapçıların beynəlxalq ekosistemə inteqrasiyasını sürətləndirmək, onların biznes bacarıqlarını və texnoloji yanaşmalarını inkişaf etdirməkdir.
ADNSU tələbələrinin təqdim etdiyi layihələr müxtəlif istiqamətləri əhatə edir. Seçilən layihələr arasında tələbələr üçün rəqəmsal platforma həlli olan “StudentHub”, təhlükəsizlik və texnologiya yönümlü “AldeRing”, idarəetmə və sosial yanaşmaları birləşdirən “Bax”, süni intellekt əsaslı “Blind AI”, aqrar və turizm innovasiyalarını özündə birləşdirən “AgroTrip”, eləcə də xidmət sektoruna yönəlmiş “ExpressTəmizlik” layihələri yer alır.
Layihələrin müəllifləri ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi, İqtisadiyyat və menecment fakültəsi, həmçinin universitetin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin tələbələridir. Bu nəticə universitet tələbələrinin innovasiya, texnologiya və sahibkarlıq sahəsində artan fəallığını və potensialını nümayiş etdirir.
Qeyd edək ki, “Startup School 4” proqramı “Beş qitə – 500 startap” şüarı ilə həyata keçirilir və yerli startapların qlobal innovasiya mühitinə çıxış imkanlarının genişləndirilməsini hədəfləyir.