×

Xəbərlər

Xəbərlər 17 Jun 2026
ADNSU alimlərinin növbəti məqaləsi Q1 kvartilli “Energies” jurnalında dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) alimlərinin beynəlxalq elmi əməkdaşlıq çərçivəsində hazırladığı növbəti məqalə nüfuzlu elmi jurnalda dərc olunub.

ADNSU-nun “Neft-qaz geologiyası” kafedrasının dosenti Gültər Nəsibova, baş müəllimləri Allahverdi Tağıyev, Şura Qənbərova və Sevil Zeynalovanın, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti və Atatürk Universitetinin tədqiqatçıları ilə birgə apardıqları elmi araşdırmanın nəticələri “Scopus” bazasında Q1 kvartilinə daxil olan, impakt faktoru 3.2 olan “Energies” jurnalında dərc edilib.

“Aşağı Kür çökəkliyində neft yatağının işlənməsinin optimallaşdırılması və idarəetməyə əsaslanan modelləşdirilməsi: Kürovdağ yatağı nümunəsində” adlı məqalə Aşağı Kür çökəkliyində yerləşən Kürovdağ neft yatağının işlənməsinin optimallaşdırılmasına həsr olunub.

Tədqiqatda yatağın geoloji və hasilat göstəriciləri statistik prosesə nəzarət metodları, o cümlədən Şuxart nəzarət diaqramları əsasında təhlil edilib. Məqalədə neft hasilatı, sulaşma göstəriciləri, vurulan su həcmləri və quyuların məhsuldarlığı kimi parametrlər müxtəlif məhsuldar horizontlar üzrə qiymətləndirilib. Bu yanaşma hasilat prosesində baş verən dəyişikliklərin müəyyənləşdirilməsi, suyun irəliləmə proseslərinin təhlili və yatağın daha səmərəli idarə olunması baxımından mühüm elmi nəticələr ortaya qoyur.

Məqalədə, həmçinin məhsuldar horizontlar üzrə neftvermənin artırılması üçün müxtəlif texnoloji yanaşmalar təklif olunub. Tədqiqat nəticələrinə əsasən, ayrı-ayrı horizontlar üçün polimerlə suvurma, misellyar suvurma və laydaxili yanma kimi üsulların tətbiqi neftvermə əmsalının artırılmasına imkan verə bilər. Araşdırmanın nəticələri yetkin neft yataqlarında hasilatın səmərəliliyinin yüksəldilməsi, rezervuar davranışının daha dərindən anlaşılması, istehsal sistemlərinin optimallaşdırılması və uzunmüddətli yataq idarəçiliyi üçün praktik əhəmiyyət daşıyır.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://www.mdpi.com/1996-1073/19/12/2873


Paylaş