Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texniki Universitetinə (ODTÜ) təlim səfəri uğurla davam edir.
Səfər çərçivəsində ADNSU əməkdaşları ODTÜ Neft Araşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən ISO/IEC 17025 və ISO/IEC 17043 standartları üzrə sertifikasiya təlimlərində iştirak ediblər.
Təlim proqramı çərçivəsində əməkdaşlar, həmçinin ODTÜ Mərkəzi Laboratoriyası (ODTÜ MERLAB) ilə tanış olub, müxtəlif istiqamətlər üzrə laboratoriya və avadanlıq təlimlərinə cəlb olunublar. Proqram çərçivəsində GC-FID vasitəsilə təbii qazın analizi, Atom Absorbsiya Spektrometri (AAS) ilə tullantı yağlarının təhlili, özlülük və yağlama analizləri, buxar təzyiqinin və yanacağın təhlili, eləcə də dağıdıcı olmayan sınaq (Non-Destructive Testing - NDT) laboratoriyalarında praktiki təlimlər keçirilib.
Qeyd edək ki, ADNSU-nun Neft-kimya mühəndisliyi, Proseslərin təhlükəsizliyi mühəndisliyi, Neft-qaz mühəndisliyi və Cihaz mühəndisliyi kafedralarından ümumilikdə 18 nəfər professor-müəllim heyəti ODTÜ-yə təlim səfərinə yollanıb.
Səfərin əsas məqsədi sınaq və kalibrləmə laboratoriyalarının səriştəsi, statistik metodların tətbiqi və müasir laboratoriya avadanlıqları ilə praktiki iş istiqamətlərində beynəlxalq təcrübənin öyrənilməsi, əldə olunan təcrübənin ADNSU-da yeni yaradılacaq müasir laboratoriyalarda tətbiqi, eləcə də laboratoriya imkanlarının inkişafına töhfə verməkdir.