×

Xəbərlər

Xəbərlər 11 Sep 2026
ADNSU-da “ENGINEXT 2026 - Mühəndislik düşərgəsi” davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II və III kurs bakalavr tələbələri üçün təşkil olunan ENGINEXT 2026 – Mühəndislik düşərgəsinin ikinci günü çərçivəsində tələbələrin mühəndislik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sənaye mühiti ilə tanışlığının təmin olunması məqsədilə praktiki sessiyalar və şirkət səfərləri təşkil edilib.

İkinci günün proqramı çərçivəsində “Azmade Group” şirkətinin Təşkilati İnkişaf Şöbəsinin rəhbəri Könül Ağahəsənli tərəfindən tələbələrə şirkət və onun strukturunda fəaliyyət göstərən şirkətlərdə mövcud karyera imkanları barədə məlumat verilib. Ardınca tələbələr üçün liderlik bacarıqlarının inkişafına həsr olunmuş təlim keçirilib.

Proqramın davamında 20 tələbə AZAL-a ekskursiya edib. Tələbələr aviasiya sektorunun real iş mühiti ilə tanış olub, mühəndis və texniki heyətin fəaliyyəti, iş prosesləri və peşəkar imkanları barədə mütəxəssislərdən məlumat alıblar.

Daha 20 tələbə isə “Azertexnolayn” MMC-yə səfər edib. Səfər zamanı iştirakçılar şirkətin Çuqun Tökmə Zavodu, Polietilen Məmulatları Zavodu və Polad Borular Zavodunun fəaliyyəti ilə tanış olublar. Tələbələr istehsalat proseslərini yerində müşahidə etməklə yanaşı, müxtəlif mühəndislik istiqamətləri üzrə çalışan mütəxəssislərlə görüşərək onların peşə təcrübəsi, iş prosesi və sənayenin mühəndislərdən gözləntiləri barədə məlumat əldə ediblər.

ENGINEXT 2026-nın ikinci günü tələbələrə təlimlərdə qazandıqları bilikləri real sənaye mühiti ilə əlaqələndirmək, müxtəlif mühəndislik istiqamətlərində iş proseslərini yaxından müşahidə etmək və peşəkarlarla birbaşa ünsiyyət qurmaq imkanı yaradıb

 


Paylaş