Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR Polymer” MMC arasında polimer sahəsində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə ADNSU-nun Sosial məsələlər üzrə rektorunun müşaviri Nəsibə Əmirbəyova, Kimya Texnologiyaları fakültəsinin, eləcə də Yer elmləri və neft mühəndisliyi fakültəsinin müvafiq kafedra müdirləri və “SOCAR Polymer” şirkətinin nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində universitetdə polimer sahəsi üzrə həyata keçirilən bakalavr və magistr təhsil proqramları, müvafiq fənlərin sillabuslarının məzmunu və onların müasir sənaye tələblərinə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Təhsil proqramlarının əmək bazarının və sənayenin aktual tələblərinə uyğun inkişaf etdirilməsi, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla tamamlanması istiqamətində mümkün əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Bununla yanaşı, “SOCAR Polymer”in tədris prosesinə və tələbələrin praktiki hazırlığına cəlb olunması, şirkət mütəxəssislərinin iştirakı ilə təlim və seminarların təşkili, xarici mütəxəssislərin və professorların tədris prosesinə dəvət olunması imkanları nəzərdən keçirilib.
Görüş zamanı, həmçinin polimer sahəsində birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və tələbələrin real istehsalat mühitinə inteqrasiyasına imkan verən təşəbbüslərin reallaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və tərəflər arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də konkret istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı növbəti addımların müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.