×

Xəbərlər

Xəbərlər 17 Jun 2026
ADNSU-nun proqramları ölkə xaricində tədris olunmağa başlayır: İlk addım Özbəkistanla ikili diplom proqramları

İyunun 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ali təhsil sahəsində inteqrasiyanın və akademik əməkdaşlığın genişləndirilməsi məqsədilə üç bakalavr ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Tərəflər arasında onlayn formatda keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunduqdan sonra müqavilə ADNSU-nun rektoru Rüfət Əzizov və Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahodir Turayev tərəfindən hər iki ali təhsil müəssisəsinin müvafiq ixtisaslar üzrə inzibati və akademik heyətinin iştirakı ilə imzalanıb.

Əməkdaşlıq çərçivəsində Beynəlxalq Türk Dövlətləri Universitetində ADNSU modeli əsasında “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Geologiya və geofizika mühəndisliyi” bakalavr ixtisasları üzrə ikili diplom proqramları həyata keçiriləcək.

Tədris prosesi ADNSU-nun tədris planları əsasında və universitetin professor-müəllim heyətinin iştirakı ilə Özbəkistanın Daşkənd şəhərində təşkil olunacaq. Proqram çərçivəsində tələbələr akademik mobillik imkanlarından yararlanaraq ADNSU-da təcrübə keçəcək, həmçinin ayrı-ayrı fənn və modullar üzrə tədris prosesində iştirak edəcəklər.

Bu əməkdaşlıq Türk dövlətləri arasında ali təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına və ADNSU-nun beynəlxalq təhsil məkanında mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.


Paylaş