Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən UFAZ-ın builki məzunu Cavidan Nəsirli dünyanın 6 nüfuzlu ali təhsil müəssisəsindən qəbul alıb.
UFAZ-da Kimya mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini başa vuran Cavidan Nəsirli Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universitetində (KAUST) kimya mühəndisliyi üzrə magistratura və doktorantura proqramına qəbul olunub. Qəbul məktubuna əsasən, o, əvvəlcə magistratura pilləsində təhsil alacaq, daha sonra müvafiq akademik tələbləri yerinə yetirdiyi və elmi rəhbərinin dəstəyini qazandığı halda doktorantura pilləsinə yeni müraciət etmədən davam edə biləcək.
Cavidan Nəsirli həmçinin “KAUST Fellowship” təqaüdünə layiq görülüb. Təqaüd paketi təhsil haqqından tam azadolma, tibbi sığorta, kampusda yaşayış, köçmə dəstəyi və yaşayış xərcləri üçün illik stipendiyanı əhatə edir. Qəbul məktubunda təqaüd paketinin ümumi dəyərinin illik 70 min ABŞ dollarından çox olduğu qeyd olunur.
Bununla yanaşı, Cavidan Nəsirli Fransanın PSL Universiteti, Almaniyanın RWTH Aachen Universiteti, İsveçin KTH Kral Texnologiya İnstitutu, İtaliyanın Roma Sapienza Universiteti və Böyük Britaniyanın Edinburq Universitetindən də qəbul alıb.