Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş “İslam İnkişaf Bankı Qrupunun V Startap və İnnovasiya Təqdimatı Müsabiqəsi – 2026” başa çatıb.
ADNSU tələbələri tərəfindən yaradılmış AIRT startapı müsabiqənin “Süni İntellekt və Dərin Texnologiyalar” kateqoriyası üzrə 1-ci yerin qalibi olub və 3 000 ABŞ dolları məbləğində xüsusi mükafata layiq görülüb.
İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu 57 üzv ölkəni əhatə edən, innovasiya və sahibkarlıq sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Forum çərçivəsində investorlar, inkişaf institutları, dövlət nümayəndələri və dünyanın müxtəlif ölkələrindən perspektivli startaplar bir araya gəlirlər. Bu il keçirilən müsabiqə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil edilib.
Bakı Konqres Mərkəzində keçirilən final mərhələsində 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim edib. İştirakçılar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və İslam İnkişaf Bankı tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
AIRT komandası sənaye inspeksiyası və təhlükəli mühitlərdə əməliyyatların həyata keçirilməsi üçün hazırlanmış avtonom dördayaqlı robot — AID-1 layihəsi ilə çıxış edib və layihə münsiflər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, AIRT komandasının üzvləri İsmayıl Hacıyev və Məhəmməd Məmmədli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramları üzrə Mexatronika və robototexnika mühəndisliyi ixtisasında təhsil alan tələbələrdir.