×

Xəbərlər

Xəbərlər 22 Jun 2026
ADNSU və BOC elmi tədqiqatların genişləndirilməsi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun rəhbərliyi ilə ali təhsil ocağının nümayəndə heyəti “Balakhani Operating Company LTD” (BOC) hasilat şirkətində olublar. Professor-müəllim heyəti tarixi Balaxanı mədənləri ilə tanış olub, yerli mütəxəssislərin  bələdçiliyi ilə bir əsrlik quyuların müasir texnoloji üslublarla hasilatı və şirkətin dayanıqlı təcrübələri barədə məlumat alıb.Daha sonra şirkətin baş qərargahında davam edən görüşdə tərəflər akademik Musa Əliyev adına Geologiya elmləri üzrə Tədqiqat təqaüdünün təsis edilməsi barədə sənəd imzalayıblar. Təqaüd proqramı Azərbaycanda geologiya və neft sənayesinin inkişafında mühüm rol oynamış alimin elmi irsinin yaşadılması, qabaqcıl geoloji tədqiqatların dəstəklənməsi və akademiya ilə sənaye arasında effektiv inteqrasiyanın təmin edilməsi məqsədi daşıyır.

Ziyarət çərçivəsində nümayəndə heyəti 2-ci mədən ərazisində yerləşən və ADNSU-nun 100 illiyinə həsr olunmuş quyuya baxış keçirib, “ADNSU-100” adlanan quyu ziyarət olunduqdan sonra xatirə fotosu çəkdirilib, həmçinin quyuların istismarı, hasilat prosesləri və lay təzyiqinin saxlanılması ilə bağlı məlumat təqdim olunub.

Tədbirdə çıxış edən “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev qeyd edib ki,  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı şəkildə işləyib yeni ideyalar və inovativ təcrübələrlə çıxış etmək hasilat şirkəti üçün vacibdir. O bildirib ki, geologiya sahəsində yeni araşdırmaların dəstəklənməsi Azərbaycanı bütün dünyaya tək neft və qaz hasil edən ölkə deyil, həm də enerji sahəsinin elmi mərkəzi kimi bir daha tanıdacaq.

Tədbirdə daha sonra çıxış edən ADNSU rektoru Rüfət Əzizov isə vurğulayıb ki, universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın yüksəkixtisaslı kadr hazırlığında mühüm rol oynayır. O, tələbələrin nəzəri biliklərinin istehsalat mühitində tətbiqinin onların peşəkar inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Rektor ADNSU ilə BOC arasında formalaşmış tərəfdaşlıq münasibətlərinin elm, təhsil və istehsalatın inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib, birgə layihələrin, təcrübə proqramlarının və tədqiqat təşəbbüslərinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Həmçinin belə əməkdaşlıqların tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanmasına və neft-qaz sənayesinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Çıxışlar zamanı qeyd olunub ki, “Balakhani Operating Company LTD” ilə ADNSU arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində elmi tədqiqatların genişləndirilməsi iklə yanaşı, şirkət universitet tələbələrinin səmərəli istehsalat təcrübəsi keçməsi üçün geniş imkanlar yaradır. Belə ki, indiyədək 100-ə yaxın ADNSU tələbəsi “Balakhani Operating Company LTD”də geniş təcrübə proqramı keçərək ixtisasları üzrə bilik və bacarıqlarını artırmış, peşəkar səviyyələrini daha da yüksəltmişlər.

İmzalanma mərasimində akademik Musa Əliyevin ailə üzvləri, onun xatirələri əsasında tərtib edilən “Ömrüm” kitabının müəllifi Cəmilə Paşayeva-Seyidzadə və nəticəsi Musa Seyidzadə də iştirak edib. Cəmilə Paşayeva-Seyidzadə çıxışında xatırladıb ki, görkəmli alim, səriştəli idarəçi, geniş hörmət qazanan rəhbər, akademik Musa Əliyev geologiya-mineralogiya elmləri doktoru kimi 200-dək dissertasiya işinə elmi rəhbərlik edib. Böyük elmi məktəb yaratmaqla yanaşı, onun yaşadığı şərəfli ömür övladları, nəslinin davamçıları, onu tanıyanlar üçün qürur mənbəyidir. Balaxanı neftçilərinin onun elmi irsini davam etdirəcək tədqiqat təqaüdünün  yaradılması təqdirəlayiq addımdır.

Tədbirdə həmçinin “Balakhani Operating Company LTD” şirkətində təcrübə keçən ADNSU tələbələri təltif edilib, beş fərqlənən tələbəyə isə hasilat şirkətində müxtəlif vəzifələrdə işə qəbul təklifləri təqdim edilib.

Qonaqlar Vətən uğrunda şəhid olan qəhrəman neftçilərimizin abidəsi qarşısına çiçək düzüb, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini anıblar. 

 


Paylaş