×

Xəbərlər

Xəbərlər 22 Jun 2026
ADNSU tələbələri “EmpowerMe” Beynəlxalq Akselerasiya Proqramına seçiliblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət komanda “EmpowerMe” Beynəlxalq Akselerasiya Proqramına seçilib.

Komandaya ADNSU-nun Sənaye mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Abbas Abbasov, Kənan Qəhrəmanov və Raiq Murtuzəliyev, İnformasiya texnologiyaları ixtisasının 2-ci kurs tələbəsi Vüsalə Musayeva, həmçinin Mexatronika və Robotexnika mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Əli Həsənli daxildir. Komandanın rəhbəri Abbas Abbasovdur.

“EmpowerMe” Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 15–30 yaş arası gənclərin sahibkarlıq və rəqəmsal bacarıqlarının inkişafına yönələn beynəlxalq proqramdır. Proqram “Starbucks Foundation” və “Alshaya Group”-un dəstəyi, “Habitat” Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilir. Təşəbbüs gəncləri biznes ideyalarının formalaşdırılması, startap layihələrinin inkişafı və beynəlxalq sahibkarlıq ekosisteminə inteqrasiya istiqamətində dəstəkləyir.

Qeyd edək ki, proqram çərçivəsində iştirakçılar biznes modeli və bazar araşdırması, MVP və prototip hazırlığı, maliyyə planlaşdırması, “pitch deck”in hazırlanması və investor təqdimatları üzrə təlim və mentorluq dəstəyi əldə edirlər. “EmpowerMe” həmçinin seçilmiş startaplara Beynəlxalq Akselerasiya Proqramına qoşulmaq, fərdi mentorluq sessiyalarında iştirak etmək və Türkiyədə keçiriləcək “Demo Day”-də layihələrini təqdim etmək imkanı yaradır.

“Demo Day” mərhələsində isə komandalar ümumi dəyəri 17 500 ABŞ dolları olan biznes inkişafı hədiyyə kartları uğrunda yarışmaq şansı əldə edirlər. Bundan əlavə, iştirakçılara “Entrepreneurship World Cup” müraciəti ilə bağlı “Habitat” Assosiasiyası tərəfindən istiqamətləndirmə dəstəyi göstərilir.


Paylaş